1. E.Ə 2500

    İspaniya, İtaliya və Yunanıstan
    Bəşəriyyətə hələ bizim eradan 2500 il əvvəl məlum olan ən qədim mədəni bitkilərdən biri kimi zeytunun hazırkı yayıldığı areal da çox genişdir. Dünyanın bütün ölkələrində zeytunun ümumi sahəsi 10 milyon hektardan çox, ağacların sayı isə 900 milyona qədərdir. Dünya üzrə istehsal olunan zeytun yağının 80%-i üç ölkənin – İspaniya, İtaliya və Yunanıstanın payına düşür.
  2. VII–X ƏSRLƏR

    Azərbaycan
    Azərbaycanda, VII–X əsrlərin tarixçiləri və səyyahlarının məlumatına görə, zeytun Şirvan, Qarabağın aran rayonlarının ərazisində və Abşeronda geniş miqyasda yetişdirilmişdir. Hazırda yalnız Abşeronun Nardaran kəndində yaşı 200 və daha çox olan zeytun ağacları qalmışdır. Bakıda, Gəncədə yaşı 90-dan yuxarı olan bir qrup ağac saxlanmışdır. O dövrdə bütün əkinlər hesaba alınmaqla MDB-də zeytun plantasiyası 1500 hektardan çox idi.
  3. 1879

    Novo Afonek
    MDB-də bar verən ən qoca və iri zeytun bağı 1879-cu ildə salınmış Novo Afonekdadır. Burada 60 hektar sahədə 4800- ə qədər ağac vardır. Hər ağacdan 60 kq-a qədər məhsul yığılır. İndi zeytun bağları genişləndirilmiş və 200 hektara çatdırılmışdır.
  4. 1896

    Soçi
    1896-cı ildə əkilən qoca zeytun ağacları Soçi təcrübə stansiyasında da vardır.
  5. 1947

    SSRİ
    Keçmiş SSRİ Nazirlər Sovetinin 1947-ci il 4 dekabr, 3944 №- li qərarından sonra zeytun bitkisi intensiv inkişaf edir və sənaye əhəmiyyəti alır. Həmin qərarda İttifaqda 12 min hektar, o cümlədən Abşeron yarımadasında 3 min hektar zeytun plantasiyası salınması müəyyən olunmuşdu.
  6. 1949

    Zığ
    1949-cu ildə Zığda ixtisaslaşdırılmış zeytun sovxozu təşkil olunmuşdu. İndi burada 200 hektar zeytun bağı vardır ki, onun da 90% hektarı bar verir. Maştağa subtropik bitkilər sovxozunda da istehsal xarakteri daşıyan 87,8 hektar zeytun bağı vardı.
  7. 1962

    Bakı
    1962-ci ildə Bakı Zeytun Emalı Konserv Zavodu yaradılmışdı. Həmin zavod sonralar Maştağa Konserv Zavodu adlanırdı. Həmin zavodun məhsulları dünyanın bir çox ölkələrinə göndərilmişdir.
  8. 1964

    Maştağa
    1964-cü ildə Maştağa zəfəran sovxozunda daha iri, 100 hektar sahədə başdan - başa zeytun plantasiyası salınmışdı.
  9. 1984

    Almaniya
    1984-cü ildə Almaniya Demokratik Respublikasında keçirilən Leypsiq yarmarkasında zavodun məhsulları Böyük qızıl medala layiq görülüb.
  10. 1986

    Çexoslovakiya
    1986-cı ildə Çexoslovakiyanın Nitra şəhərində keçirilən yarmarkada isə zeytun yağı və kokteylləri Qızıl medala layiq görülüb.
  11. 2015

    Azərbaycan
    Zeytun bitkisinin inkişaf etdiyi indiki mərhələdə, Azərbaycan əmtəəlik zeytun məhsulları üzrə əsas ölkədir. Burada zeytunun ümumi sahəsi 1100 hektara çatır. Bu bitki Abşeron yarımadasının hər yerində yayılmışdır. Zeytun bağ bitkisi olmaqla yanaşı, Bakı və bütünlüklə Abşeronun yaşıllaşdırma təsərrüfatlarında da böyük yer tutur. Zeytun tək-tək və qrup ilə Tərtər, Ağdam, Bərdə, Ağdaş, Göyçay, Göygöl, Yevlax rayonlarında, Mingəçevir, Lənkəran, Zaqatala şəhərlərində v ə respublikanın bir sıra başqa rayonlarında da yetişdirilir. Azərbaycanda zeytunçuluğun inkişafı üçün Abşeron zonası ideal ərazi hesab olunur. Vaxtilə məhz Abşeronda 3000 hektar ərazini əhatə edən zeytun bağlarının salınması təsadüfi deyildir. Hazırda Azərbaycanda olan 1868 hektar zeytun sahəsindən 1556 hektarı bar verəndir. Son iki ildə Bakının Zirə qəsəbəsində 200 hektara yaxın zeytun bağı salınmış və Türkiyədən belə tinglər gətirilmişdir.